Şirvan-Salyan Regional Təhsil İdarəsi və ATİAHİ Salyan rayon komitəsinin birgə təsdiqlədiyi Əsasnaməyə əsasən, Uşaq Gənclər İdman Şahmat Məktəbinin təşkilatçılığı ilə rayon ümumtəhsil məktəblərinin müəllimləri arasında şahmat və tennis birinciliyinə start verilib. Rayon komitəsinin sədri Yaqut Ələsgərova ölkəmizdə idmanın, o cümlədən şahmat və tennis oyununun kütləviliyi haqqında məlumat verib. Yarışlara 80-ə yaxın müəllim qatılıb və iki gün davam edib.
Şahmat yarışında Salyan şəhər 6 №-li tam orta məktəbin müəllimi Murad Feyziyev I yeri, şəhər 6 №-li tam orta məktəbin müəllimi Mehman Səfərov II yeri, Dayıkənd kənd tam orta məktəbin müəllimi Fuad Kazımov III yeri qazanıb.
Tennis yarışında isə UGİŞM-in məşqçi-müəllimi Tələt Rüstəmbəyli I yeri, Dayıkənd kənd tam orta məktəbin müəllimi Fuad Kazımov II yeri, Peyk kənd tam orta məktəbin müəllimi Cavid Ağayev III yeri tutub.
Zəfər Gününə həsr edilmiş təhsil işçiləri arasında “Zəfər yolu” mövzusunda keçirilən inşa müsabiqəsi də belə tədbirlərdən biridir. Müsabiqədə 53 ümumtəhsil məktəbinin müəllimləri fəal iştirak edərək Zəfər Gününü öz yazılarında tərənnüm ediblər. Şəhər 7 №-li texniki fənlər təmayüllü məktəb-liseyin müəllimi Günay Əbilova, şəhər 2 №-li məktəbin müəllimi Günel Orucova, Arbatan kənd tam orta məktəbin müəllimi Ülkər Qafarzadənin inşa yazılarının məzmunu digərlərindən fərqlənib.
Digər müsabiqə təhsil işçiləri arasında əl işlərindən (oyma, toxuma, rəsm) ibarət idi. Bu müsabiqədə 40-a yaxın təhsil işçisi iştirak edərək öz əl işlərini nümayiş etdirib. Şəhər 4 №-li məktəbin müəllimi Rauf İbrahimov I yerə, şəhər 2 №-li məktəbin müəllimi Günay Əliyeva II yerə, UGİM-in dərnək rəhbəri Bahar Məmmədova III yerə layiq görülüblər.
Mükafatlandırma mərasimində Şirvan-Salyan Regional Təhsil İdarəsinin müavini Rövşən Allahverdiyev, Salyan Təhsil sektorunun müdiri Razıgül Dadaşova, rayon komitəsinin sədri Yaqut Ələsgərova iştirak edib, qaliblərə təbriklərini çatdırıblar.
Qaliblər Təhsil İdarəsinin və rayon komitəsinin diplom və hədiyyələri ilə təltif olunub.