ATİAHİ Salyan rayon komitəsinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş rayon təhsil işçiləri arasında tennis yarışı keçirilib.
Yarışda 50-ə yaxın müəllim iştirak edib. İki gün davam edən yarış gərgin və maraqlı anları ilə diqqət çəkib.
Turnirin nəticəsi olaraq UGİŞM-in məşqçi-müəllimi Mehman Səmədov I yeri, Tələt Rüstəmbəyli isə II yeri qazanıblar. Şəhər 6 №-li tam orta məktəbin müəllimi Murad Feyziyevlə Ziyafət Burziyev III yerə layiq görülüblər.
Bundan başqa, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə təhsil işçiləri arasında “Heydər Əliyev və Azərbaycan təhsili” mövzusunda inşa müsabiqəsi keçirilib. Müsabiqəyə rayonun 53 ümumtəhsil məktəbinin müəllimləri qatılıb. İştirakçılar Ulu Öndərin təhsilə göstərdiyi diqqət və qayğını öz yazılarında tərənnüm ediblər. Şəhər 2 saylı tam orta məktəbin müəllimi Aygün Əzizova, Parça Xalac kənd tam orta məktəbin müəllimi Nazı Quliyeva, Seyidasdıqlı kənd tam orta məktəbin müəllimi Xəyalə İbrahimova, Yolüstü kənd tam orta məktəbin müəllimi Vüsalə İsmayılovanın inşa yazılarının məzmunu digərlərindən fərqlənib.
Aşağı Kürkənd kənd tam orta məktəbin akt zalında keçirilən tədbirdə Ulu Öndərə həsr edilmiş videoçarx nümayiş etdirilib, şagirdlərin və müəllimlərin çıxışları dinlənilib. Tədbirdə Salyan Rayon Təhsil Şöbəsinin metodiki mərkəzinin müdiri Yeganə Cəfərova çıxış edərək tədbir iştirakçılarına Ulu Öndərin fəaliyyəti haqqında məlumat verib. Məktəbin direktoru Sitarə Təhməzova yeni məktəb binasının Heydər Əliyev Fondu tərəfindən tikildiyini diqqətə çatırıb və Fondun ölkə təhsilinə verdiyi töhfələrdən danışıb. Tədbir proqramının sonunda ATİAHİ Salyan rayon komitəsinin sədri Yaqut Ələsgərova tennis və inşa müsabiqəsinin qaliblərini diplom və hədiyyələrlə təltif edib.