Aprelin 8-də ATİAHİ Salyan rayon komitəsinin təşkilatçılığı ilə rayonun Dayıkənd kənd tam orta məktəbinin müəllimləri - Eldar Quliyev, Etibar Əsgərov və Firuzə Quliyevanın 65 yaşlarının tamam olması və təqaüdə çıxmaları ilə əlaqədar onlarla görüş təşkil olunub.
Tədbirdə məktəbin təşkilatçısı Xuraman Səmədova müəllimlərin fəaliyyətindən söz açıb, məktəb həyatında onların əvəzsiz xidmətlərindən danışıb.
Məktəbin direktoru Rafiq Əzizov hər üç müəllimin şagirdlərin tərbiyə olunmasında, onların elmi biliklərə yiyələnməsində, Vətənə layiqli övlad kimi yetişməsində xidmətlərini yüksək dəyərləndirib.
Sonra məktəbin ilk həmkarlar təşkilatının sədri Samir Səfərov, müəllimlərdən Mətləb Abdullayev, Nuranə Xanməmədova, Nurlana Pənahova və başqaları yubiliyarları haqqında öz ürək sözlərini bölüşmüş, bundan sonrakı həyatlarında onlara səadət dolu günlər arzulayıblar.
Tədbirdə şagirdlər söylədikləri şeirlərlə müəllim adının ucalığını, şərəfli ömür yolunu tərənnüm ediblər.
ATİAHİ Salyan rayon komitəsinin sədri Yaqut Ələsgərova E.Quliyevi, E.Əsgərovu və F.Quliyevanı təbrik edərək onlara rayon komitəsi adından təbriknamələr, qiymətli hədiyyələr təqdim edib, bundan sonrakı həyatlarını sağlam və mənalı yaşamağı arzulayıb.
Sonda müəllimlərin və şagirdlərin alqış sədaları altında hər üç müəllim yola salınıb.