Salyanda təqaüddə olan müəllim Safurə Rzayeva ziyarət olunub

ATİAHİ Salyan rayon komitəsinin əməkdaşları uzun illər rayonun 7 №-li texniki fənlər təmayüllü məktəb-liseyinin riyaziyyat müəllimi işləmiş təqaüdçü Safurə Rzayevanın 75 yaşının tamam olması münasibətilə onu evində ziyarət ediblər.
Söhbət zamanı Safurə xanımın səmərəli pedaqoji fəaliyyətindən, rayon təhsilinin inkişafında xidmətlərindən, müəllim adını şərəflə daşımasından, nümunəvi davranışlarından, şagirdlərinin uğurlu göstəricilərindən danışılıb, ötən illər xatırlanıb.
Safurə xanım müəllim peşəsini seçdiyi üçün hər zaman özünü xoşbəxt saydığını bildirib və işlədiyi illərdə gənc nəslin bilikli, vətənpərvər ruhda yetişməsi üçün səylə çalışdığını vurğulayıb.
Sonda Safurə xanıma ATİAHİ Respublika Komitəsinin fəxri fərmanı təqdim olunub. O, həmkarlar ittifaqı əməkdaşlarına onu xatırladıqları və ziyarət etdikləri üçün təşəkkür edib.
Qeyd edək ki, S.Rzayeva işlədiyi illərdə Azərbaycan SSR Maarif Nazirliyinin fəxri fərmanı ilə təltif edilib, “Baş müəllim” adına layiq görülüb. O, rayon təhsilinin inkişafında xidmətlərinə görə, dəfələrlə Salyan Rayon İcra Hakimiyyəti, rayon Təhsil şöbəsi, həmçinin fəal həmkarlar ittifaqı üzvü olduğu üçün ATİAHİ RK tərəfindən mükafatlandırılıb. 2008-ci ildə isə Təhsil Nazirliyinin əmri ilə “Qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunub.
 

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo