Aprelin 19-22-də Salyan Rayon Gənclər və İdman İdarəsi, Salyan Rayon Təhsil Şöbəsi və ATİAHİ Salyan rayon komitəsinin birgə təşkilatçılığı ilə “Şuşa ili” çərçivəsində böyüklər arasında şahmat üzrə rayon birinciliyi keçirilib.
Rayon ərazisində şahmat idman növünün kütləvililiyinə nail olmaq məqsədi ilə təşkil olunan yarışın açılışında ATİAHİ Salyan rayon komitəsinin sədri Yaqut Ələsgərova çıxış edərək qalibləri təbrik edib, onlara uğurlar arzulayıb və Azərbaycanda şahmat idman növünün kütləviləşməsindən, bu istiqamətdə dövlət səviyyəsində görülən işlərdən danışıb. Qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi dövrdən idman və gənclər siyasəti bu gün Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə inkişaf etdirilir. Cənab Prezident İlham Əliyev 2022-ci ili “Şuşa ili” elan etməsi gəncləri ruhlandırır və gənclər siyasətinin inkişafında böyük rol oynayır. Bu baxımdan bu yarış “Şuşa ili”nə həsr edilib.
Sonra iştirakçılar arasında püşkatma olub və yarışa start verilib. Üç gün davam edən gərgin idman mübarizəsində 36 iştirakçı arasında Yuxarı Xalac-1 kənd tam orta məktəbin müəllimi Elşad Fərzəliyev I yeri, Dayıkənd kənd tam orta məktəbin müəllimi Fuad Kazımov II yeri, şəhər 6 saylı tam orta məktəbin müəllimi Rafiq Zeynalov III-cü yeri, şəhər 6 saylı tam orta məktəbin müəllimi Murad Feyziyev IV yeri qazanıb. Arbatan kənd tam orta məktəbin müəllimi Sahilə Mirzəyeva həvəsləndirici yerin mükafatçısı olub.
Sonda yarışda qalib olan iştirakçılara Salyan Rayon Gənclər və İdman İdarəsinin diplomları və ATİAHİ Salyan rayon komitəsinin qiymətli hədiyyələri təqdim edilib.