Salyanda şəhid övladının doğum günü qeyd olunub


 Bütün zirvələrdən uca daha bir zirvə var. Bu, şəhidlik zirvəsidir. Bu zirvəyə qalxmaq hər kəsə nəsib olmur. Yalnız müqəddəs amallar uğrunda çalışan, bu yolda heç nədən qorxmayan, Vətən və xalq yolunda şirin canından belə keçməyə hazır olan cəsarətli, rəşadətli insanlar həmin zirvəyə yüksələ bilərlər.

Belə qəhrəmanlarımızdan biri də şəhid leytenant Əlisahib Ələkbərovdur.

Mayın 22-də Salyan rayon Pratman Gəncəli kəndində şəhidin övladı balaca Əlisahibin 1 yaşı ilə əlaqədar ailəsi ziyarət olunub. Tədbirdə Salyan Rayon İcra Hakimiyyəti (RİH) başçısının müavini R.Cəbrayılov, RİH-nin hərbi işlər üzrə nümayəndəsi R.Kərimov, Rayon Təhsil Şöbəsinin sektor müavini R.Dadaşova, ATİAHİ Salyan rayon komitəsinin sədri Y.Ələsgərova, rayon və kənd ağsaqalları, ziyalılar iştirak ediblər. Balaca Əlisahib ad günü münasibətilə gələn qonaqlar tərəfindən təbrik edilib, ona hədiyyələr təqdim edilib. Görüşdə çıxış edənlər şəhid haqqında xatirələrini bölüşüb, onun əziz xatirəsinin digər şəhidlərimiz kimi, daim əziz tutulacağını, dərin ehtiramla yad ediləcəyini bildiriblər.

Məktəblilər şəhidlərimizə həsr olunmuş şeirlər səsləndiriblər. Şəhidin valideynləri - anası Nilufər xanım və atası Salman kişi çıxış edərək tədbirin təşkilatçılarına təşəkkür ediblər, hər zaman dövlətimiz tərəfindən onlara diqqət və qayğı göstərildiyini bildiriblər. Buna görə dövlətimizin başçısı cənab İlham Əliyev başda olmaqla hər kəsə minnətdarlıq ediblər.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo