ATİAHİ Salyan rayon komitəsi və Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə martın 5-də “Salam, şəhid anası!” devizi altında tədbir keçirildi. Tədbirdə Rayon İcra Hakimiyyətinin nümayəndəsi Sevinc Səmədova, “Qələbə” qəzetinin müxbiri Leyla Nəsirli, rayon Təhsil Şöbəsinin müdiri Razıgül Dadaşova, təqaüddə olan müəllimlərdən Aminə Bədəlova, Xəzangül Abdullayeva, Rübabə Bünyatova, Əməkdar müəllimlər Gülşən Piriyeva, Fərqanə Cəbrayılova və başqaları iştirak edirdilər.
Tədbirə əsasən şəhid anaları, şəhidlərin həyat yoldaşları dəvət olunmuşlar. Çay süfrəsi ətrafında keçirilən görüşü ATİAHİ Salyan rayon komitəsinin sədri Yaqut Ələsgərova açaraq şəhid analarını, həyat yoldaşlarını və tədbir iştiraçılarını salamlayaraq onlara səbr dilədi və bundan sonrakı həyatlarında xoş arzularını bildirdi.
RTŞ-nin müdiri Razıgül Dadaşova qadınların cəmiyyətimizin inkişafındakı rolundan da danışdı, şəhid analarına minnətdarlığını bildirdi.
Şəhid Vidadi Əhmədovun həyat yoldaşı, 7 saylı məktəb liseyin müəllimi Zəhra Əhmədzadə, şəhid Əmrah Həmidovun anası Pakizə xanım, şəhid Səməndər İmanovun anası Validə xanım, Şəhid Hüseynağa Balıyevin anası Rəna xanım, şəhid Taleh Zamanovun anası Səltənə xanım, şəhid Cavad İsmayılovun anası Zinyət xanım, şəhid Zəmanət İbrahimovun həyat yoldaşı Səidə xanım və başqa şəhid anaları 44 günlük Zəfər Savaşında şəhid olmuş övladları ilə əlaqədar xatirələrini danışmış, onlarla qürur, şərəf duyduqları bildirmişlər. İştirakçılardan Aminə Bədəlova, Xəzangül Abdullayeva, Sitarə Təhməzova Əməkdar müəllimlər Gülşən Piriyeva, Fərqanə Cəbrayılova, RİH-nin nümayəndəsi Sevinc Səmədova və başqaları çıxış edərək şəhid analarına səbr diləmiş, onlara ürək sözlərini bildirmişlər.
Sonda şəhid Əmrah Həmidovun anası Pakizə xanım bütün şəhid analarına başsağlığı vermiş, onların adından göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Rayon İcra Hakimiyyətinə, RTŞ-nə və ATİAHİ Salyan rayon komitəsinə təşəkkürlərini bildirmişdir.
Tədbirdə iştirak edən qadınlara, şəhid analarına, şəhidlərin həyat yoldaşlarına 8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə hədiyyələr paylanmış, xatirə şəkilləri çəkilmişdir.