ATİAHİ Salyan rayon komitəsinin və Şirvan-Salyan Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə Novruz bayramı tədbiri keçirilib.
Tədbirdə Təhsil İdarəsinin müdiri Sənan Mənsimli, rayon Təhsil sektorunun müdiri Razıgül Dadaşova, ATİAHİ Salyan rayon komitəsinin sədri Yaqut Ələsgərova, YAP-ın rayon üzrə sədri Elmar Əhmədov, şəhid anaları, şəhidlərin həyat yoldaşları, Vətən müharibəsi iştirakçıları, qazilər və rayonun fəal təhsil işçiləri iştirak ediblər.
Öncə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçmiş Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Salyan rayon komitəsinin sədri Yaqut Ələsgərova çıxış edərək Novruz bayramı haqqında məlumat verib və bildirib ki, bayramlar içində bir bayram daha var: ən əziz, ən doğma, ən sevimli bir bayram - Novruz bayramı! Uzun illər taleyinə ağrı-acı düşən, lakin unudulmayan bu bayram bizim milli bayramımızdır. Novruz “təzə il” deməkdir, baharın ilk günüdür. Bütün müsəlmanların həyatında əsl yeni ilə həmin gündən başlanır. Novruz gəlişi ilə evlərə, ailələrə yeni büsat, şadlıq və sevinc gətirir. Hamı çalışır ki, bu bayramı yüksək təntənə ilə, ürək sevinci ilə, qəlb fərəhi ilə qarşılasın.
Sonra S.Mənsimli, R.Dadaşova, Ə.Məmmədov, E.Əhmədov çıxışlar edərək iştirakçıları bayram münasibətilə təbrik ediblər.
Şəhid anaları Vətən müharibəsində şəhid olmuş övladları ilə bağlı xatirələrini bölüşüblər.
Sonda Azərbaycanın Milli Qəhrəmanı şəhid Sübhan Cəbrayılovun anası Nəzifə xanım, şəhid Əmrah Həmidovun anası Pakizə xanım və başqaları bütün şəhid analarına başsağlığı verib, dövlət tərəfindən onlara göstərilən diqqət və qayğıya görə, Azərbaycan Prezidenti cənab İlham Əliyevə təşəkkür ediblər.