ATİAHİ Salyan rayon komitəsi və Salyan Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Salyan rayonunun təhsil müəssisələrində çalışan qadın müəllimlər arasında 8 Mart - Beynəlxalq Qadınlar günü münasibətilə şahmat yarışı keçirilib. Yarışda ATİAHİ Salyan rayon komitəsinin sədri Yaqut Ələsgərova, Rayon Təhsil Şöbəsinin idman üzrə metodisti Emin Məlikov, Uşaq Gənclər İdman Şahmat məktəbinin direktoru Bilal Ələkbərov, hakim Məlahət Mənəfova çıxış edərək yarış iştirakçılarını bayram münasibətilə təbrik etmiş, qadınların cəmiyyətimizin cəmiyyətinin inkişafındakı rolunu qeyd etmişlər. Vurğulanmışdır ki, Azərbaycan qadını tarixən nəcib, xeyirxah təşəbbüslərin, mənəvi ideyaların tərəfdarı kimi çıxış etmiş, beynəlxalq aləmdə sülhün, əmin-amanlığın, sabitliyin bərqərar olmasına çalışmışdır. Azərbaycan qadını sivilizasiyalar arasında mədəni dialoqun qurulmasında, ayrı-ayrı xalqların ortaq mədəni dəyərlərinin aşkara çıxarılmasında, ölkələr arasında elmi-humanitar və mədəni əməkdaşlığın dərinləşməsində, xalqımızın haqq səsinin beynəlxalq tribunalardan səsləndirilməsində böyük işlər görmüşdür. Qeyd olunmuşdur ki, qadınların Salyan rayonunda təhsil sahəsinin inkişaf etdirilməsində əvəzsiz rolu vardır.
Gərgin mübarizə şəraitində keçən yarışda Rayon Şahmat məktəbinin məşqçi müəllimləri fərqlənmişlər. Belə ki, məktəbin məşqçi müəllimlərindən Hüseynova Aynur I yer, Məlikova İlhamə II yer, Əliyeva Elnurə isə III yerin qalibi olmuşlar. Yarış iştirakçılarına və qaliblərinə ATİAHİ Salyan rayon komitəsinin, Rayon Təhsil Şöbəsinin fəxri fərmanları və qiymətli hədiyyələr təqdim olunmuşdur. Sonda yarış iştirkçıları ilə birlikdə xatirə şəkili çəkilmişdir.